“Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi...” - Spiker

13 İyun 2017 15:45 (UTC+04:00)

“Report”un xəbərinə görə, layihə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır.

Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu qeyd ediblər.

Milli Məclisin sədri Oqtay Əsədov isə “Təhsil haqqında” qanunu ətrafında yaranan anlaşılmazğıa aydınlıq gətirib. O deyib ki, layihədə imtahansız universitetə qəbul məsələsi qeyd olunmayıb: “Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz. Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük. Baxın, bəla budur”.

Qeyd edək ki, layihə səsverməyə qoyularaq qəbul edilib.

AzNews.az