Bakı şəhər halqası "Ürəkdən ürəyə" şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

27 May 2017 10:15 (UTC+04:00)

AzNews.az Bakı şəhər halqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, şənbə günü 14:00-19:00 saatlarında baş tutacaq yarmarkada BŞH-nin işçi heyətinin və 2017 Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin əl işləri, müxtəlif mövzulara aid kitablar və əməliyyat şirkətinə məxsus məhsullar satışa çıxarılacaq.

Yarmarka vasitəsilə yığılan vəsait ürək çatışmazlığından əziyyət çəkən 10 yaşlı Arzu Xankişiyevanın əməliyyatına sərf olunacaq. İkinci dəfə əməliyyat keçirəcək balaca Arzunun sağlamlığa qovuşması üçün ümumilikdə 15 min AZN dəyərində vəsaitə ehtiyac var. Xeyriyyə aksiyasına qoşulmaq istəyənlər nəğd şəkildə pul yardımı da göstərə bilərlər.

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova yardımsevərləri xeyriyyə aksiyasına qoşulmağa dəvət edir: “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq belə xeyriyyə aksiyaları keçirərək həm birbaşa yardım kampaniyasında iştirak edir, həm də cəmiyyətin diqqətini köməyə ehtiyacı olanlara yönləndirməyə çalışırıq. Bu, bizim şirkətin başlıca dəyərlərindən biridir və biz hər fürsətdə bu işi fasiləsiz şəkildə davam etdirmək niyyətindəyik.

Ehtiyac içərisində olanlara öz yardım əlini uzatmaq istəyən hər bir paytaxt sakinini bu xeyriyyə aksiyasına qoşulmağa dəvət edirəm. İnanırıq ki, bizim dəstəyimiz nəticəsində ürək çatışmazlığından əziyyət çəkən digər azyaşlı əzizlərimiz kimi Arzu da tezliklə öz sağlamlığına qovuşacaq”.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ağır xəstəliyə düçar olmuş azyaşlılar üçün indiyədək bir sıra xeyriyyə yarmarkası keçirib. Əməliyyat şirkəti buradan toplanan vəsaiti anadangəlmə ürək çatışmazlığı olan iki körpənin əməliyyatlarına sərf edərək onların tezliklə sağlamlığa qovuşmasına öz töhfəsini verib.