Helikopter qəzasında ölən leytenantın toyu olacaqmış

11 Fevral 2013 14:04 (UTC+04:00)
Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində ölən leytenant Bəhruz Zeynalovun fevralın 21-də toyu olacaqmış.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bunu B. Zeynalovun həlak olduğunu eşidib hadisə yerinə gələn valideynləri bildiriblər.

Qeyd edək ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

AzNews.az