Əkrəm Əylislinin ölümü üçün...

11 Fevral 2013 15:49 (UTC+04:00)

Mir Şahin

Elə bil, bu yuxunu biz bir dəfə görmüşdük. Söhbət Baruzdinə yazılmış məşhur məktubdan gedir. Onda da Əkrəm Əylisli açıq məktubu tarix qarşısında sonradan utanmamaq, özü də Azərbaycanın yerinə utanmamaq məqsədilə atmışdı. İndi də məqsəd eynidir. Amma vəziyyət getdikcə qızışır. Hətta o dərəcədə ki, alov həddinə çatır.

Belə odlu-alovlu başlamağımızın səbəbi ermənilərin azərbaycanlılardan üstün, qədim və təmiz göründüyü "Daş Yuxular" romanını yazdığına görə Prezidentin "Xalq Yazıçısı" və Prezident təqaüdündən məhrum etdiyi Əkrəm Əylislinin kitablarının bu həftə yandırılmasıdır.

Hə, Əkrəm müəllim nahaq yerə elə düşünürdü ki, əlyazmaları yanmır. Yox… tarix göstərdi ki, nəinki əlyazmaları, hətta kitablar, ad-san, hörmət, nüfuz belə piltələnib yanır, hətta bu tüstünün hisində Böyük Bir Yazıçının üzü qaralır da. Və səmimi boynuma alım: "Mən qətiyyən arzulamazdım ki, bu alovun dilləri sizin "Nəğməkar bibinizi", "Adamlar və Ağaclar"ınızı, "Tənha narınızın nağılı"nı, "Kür qırağı meşələri"nizi , bir sözlə "Gün çıxanda dağlar gülümsəyirdi" deyə başladığınız böyük ədəbiyyatı qarsasın.

İş o yerə gəlib çatıb ki, quru bir kitabın oduna yanan yaş kitabların bir zamanlar dövlətə və millətə xidmət nümunəsi tək qiymətləndirilərək mükafatlandırılması da unudulur. Unudulur ki, bu kitablar "Xalq Yazıçısı", "Şöhrət" ordeninə gedən yolların kiçik duracaqları idi və bu alovların içində o adı və mükafatları verən insanların imzası da yanır.

Bu gün Azərbaycanın ağzından Əkrəm boyda azman diş çəkilərək bir kənara qoyulub. Ortada dərin bir deşik var və Əkrəm öz ağzının içindəki deşiyə yıxılıb. Bu saat bütün Azərbaycanı bürümüş Antiəkrəm ovqatına bələd olan bir adam kimi onu da bilirəm ki, kimlərsə mənim deyəcəklərimi hansısa kampaniyanın bir elementi kimi qəbul edəcək. Amma bu, belə deyil. Mən, sadəcə Mircə Cəlil demişkən, insafımın istədiklərini deyirəm.

Mən son zamanlar Əkrəm Əylislinin intonasiyasında əzabkeş dissidentliyə iddia görürəm. Sanki o, həmişə bu hakimiyyətə müxalifətdə olub, incidilib. Haqqı tapdalanıb. Amma əksinə. Əkrəm həmişə çap olunub, imkanı və gücü çatan vəzifələrdə çalışıb. Bir sözlə, Əkrəm Əylisli bu sistemdə gəlmə deyil, aborigendir!

Azərbaycan hakimiyyətinin ona verdiyi imtiyazlardan bütün başqa həmkarları kimi bəhrələnən biridir. Onun "Şöhrət" və "İstiqlal" ordenləri də, Xalq Yazıçısı adı da, millət vəkili statusu da, hətta oğlunun Gömrük Komitəsində tutduğu yüksək vəzifə də hakimiyyətin Əylisliyə "Daş Yuxular"a qədər yazdıqları və sistemə göstərdiyi xidmətlərə görə verilmişdi. O, bu sistemin ən doğma yazıçılarından biri idi. İndi tez-tez 30-cu illərin təkrar olunduğunu xatırladan, özünü Mirzə Cəlil və Sabirlə, hətta Hüseyn Cavidlə müqayisə edən yazıçı həmişə ölkənin yuxarı başında oturduğunun və indi yıxıldığı yerin də elə yuxarı baş olduğundan çəkdiyi ağrının belə bərk olduğunun fərqində olmalıdır. Adamdan soruşarlar: "Necə olur ki, dövlət sənə verəndə haqlı olur, səndən alanda haqsız"?

Əkrəm müəllim Prezidentin onu Xalq Yazıçısı adından və Prezident təqaüdündən məhrum etməsini heyrətlə qarşılayır və deyir ki, yatsam, yuxuma da girməzdi. Niyə? Burda təəccüblü nə var?

Dövlət başçısı Əkrəm Əylislidən bu adları götürməklə onun düşüncələrinə şərik olmaq istəmədiyini nümayiş etdirdi, özünü ondan ayırdı və hamıya bildirdi ki, Əkrəm bizimlə deyil! Dövlətlə deyil! Yoxsa belə çıxacaqdı ki, dövlət başçısı yazıçıya yüksək məbləğdə pulu ona görə verir ki, o, əsərlərində azərbaycanlılara yox, ermənilərə işləsin.

Əkrəm Əylislinin son romanını və ona söykənib özünü qorumaq cəhdlərinin uğursuz olduğu göz qabağındadır. Məsələn, Əkrəm gah romanı 2007- ci ildə yazmağa başladığını deməklə, əslində faktın baş vermə tarixini özünün deputat olduğu vaxta atır və onu Milli Məclisə seçilmədiyinə görə bu hərəkəti etməkdə günahlandıranlardan əvəz çıxmadığını sübut etmək istəyir.

Amma faktlar yaman tərs şeydir. "Yeni Müsavat"ın müxbiri Əkrəmin ona verdiyi köhnə müsahibəni üzə çıxarır və məlum olur ki, yazıçı bu əsəri 2011-ci ilin aprelində yazırmış. Bu misalı ona görə çəkirəm ki, Əkrəm Əylislinin indi söz və fikir azadlığına hücum kimi qiymətləndirdiyi şərait əslində qətiyyən dəyişməyib və yazıçı kimi Əkrəm öz məşhurlaşmasına, bu mərtəbəyə, daha doğrusu, bir az əvvələ qədər yerləşdiyi, hələ yıxılmadığı mərtəbəyə görə məhz indi söydüyü, repressiya illərinə tay tutduğu dövrə minnətdar olmalıdır. Onun əsərləri bu sistemin sayəsində tirajlanıb, onun əsərləri əsasında filmlərin çəkilişi bu sistemin sayəsində baş tutub. Onun özünün, ailəsinin çoxlarının arzuladığı gömrük rifahı məhz bu sistemin sayəsində mümkün olub. Əkrəm Əylisli həmişə bu sistemə qulluq edib, o, Heydər Əliyevə rəğbətini heç gizlətməyib də.

Əkrəm müəllimin 75 yaşda dissidentliyə iddiası qeyri-ciddi görünür. Bəs, əslində sadə vətəndaşın gözünə görünən real mənzərə nədir: Əkrəm Əylisli deputat seçilməyib, millət vəkilinin statusunun ona verdiyi üstünlüklərdən məhrum olub və buna görə də belə bir əsər yazıb dövlətdən, millətdən acıq çıxır. Ya da Əkrəmin hikkəsindən deputatlıq cəhənnəmə, heç olmazsa "Məni Yazıçılar Birliyinin sədri təyin edin!" tələbi fışqırır. Vəssəlam. Amma Əkrəm Əylislinin belə bir incikliyi var idisə, onda bunu onu deputat seçməyənləri ifşa etməklə izhar edəydi. Dövlət başçısını, Mərkəzi Seçki komissiyasını, ən azı onun rayonundan deputat seçilən kəsi tənqid edəydi. Axı bu boyda millət o cılız hədəfə adekvat deyil! Lap elə özümüzü yazıçının xroniki, uzunsürən vicdan xəstəliyinin gerçəkliyinə inanmağa məcbur edək, bəs, onda Əkrəm Əylisli millət vəkili tribunasından niyə istifadə etmədi, düşündüklərini, hətta cinayət saydıqlarını niyə açıb tökmədi, öz ana dilimizdə, öz Məclisimizdə, 5 deputat ili nəyi gözləyirdi? Axı Əkrəm Əylisli bu sistemin ziyalısı, yazıçısı olaraq buna görə məsuliyyət daşıyır! Əsərlərində həmişə onun üzünü ağardan məntiq düşdüyü vəziyyətdə bu dəfə üz qızardır. Əkrəm Əylisli, gah "Baş xəbər"də buyurur ki, onun fikirlərini kontekstdən çıxarıblar, gah da "Azadlıq" radiosuna deyir ki, ona təzyiqlər var, qoy konstitusiya ilə mübarizə aparsınlar. Yazıçı kimi yaradıcılıqda azaddır. Bəli. Azadsınız, Əkrəm müəllim! Azad olun. Amma xalq yazıçısı olmayın, yazın, yenə yazın, İstədiyinizi yazın, amma Prezident təqaüdü almayın. Yoxsa məntiqsiz və ədalətsiz çıxır. Bu hakimiyyət Sizi asmır, kəsmir, sadəcə verdiyi adı və təqaudu geri alır, dövlətin, millətin Ana Xəttinə qarşı çıxan bir vətəndaşın yanlış düşüncələrinə şərik olmaq istəmir. Azərbaycanın düşməni bəllidir:

Siz isə düşmənin təbliğatı ilə məşğul olursunuz. Taras Bulbanı da yazıçı yaratmışdı. Amma öz oğlunu düşmən qızına sevgisinə görə bağışlamadı. "Mən səni yaratmışam, mən də öldürərəm" dedi.

İctimai qınağın bir neçə növü var ki, onlardan biri də mənəvi qınaqdır. Əkrəm müəllim, siz öz işinizi dırnaqarası görmüsünüz. İndi imkan verin bu xalq da öz məzəmmətini etsin. Onu qadağan etməyə çalışmayın. Onun başqa yolu yoxdur. Qorxursunuzsa, hüquq-mühafizə orqanlarına müraciət edin, sizə cangüdən ayırsınlar, müşayiət etsinlər. Lap mənzilinizin girişində post qursunlar, hər yerə polis müşayəti altında gedin-gəlin, amma insanların sizə hiddətlənmək haqqını yasaq etməyə çalışmayın.

Qəribə vəziyyət yaranıb. Bir zamanlar Əkrəm müəllimin haqqında söz demək üçün növbəyə duran insanlar həndəsi silsilə ilə yoxa çıxmaqdadır. Əkrəm Əylislinin bu gününü görməyəydik. Hadisənin mahiyyətinə ilk günlər varmayan, hakimiyyətin acığına Əkrəm Əylislinin ünvanına xoş sözlər deyən bir sıra müxalifət nümayəndələri də vəziyyəti yenidən qiymətləndiriblər. Anlayıblar ki, orijinallıq yeri deyil. Doğruya doğru getmək lazımdır. Ortada vur-tut bir-iki gənc qələmçi də var ki, hamıdan fərqlənməyə çalışan belə noukomformistlərə mən məsləhətçi ola bilmərəm. Amma onlar da anlamalıdırlar ki, artıq tam marginallaşmaqdadırlar, bu düşərgədə təkləniblər, belə getsə ya ala qarğa olacaqlar, ya da Pırpız Sona. Pırpız Sona kimi İmam Sahibəzzəmana ərə getmək istəyənlərə isə bütün dövrlərdə dəli kimi baxıblar.

Dedik ki, Əkrəm dissident deyil. Və hətta bundan sonra qatı müxalifətə keçsə belə, yazıçının bu addımı şəxsi maraqları təmin olunmadığından incik düşmüş birisinin bütöv bir xalqdan hayıf çıxmaq cəhdi kimi qiymətləndiriləcək.

Bu, Əkrəmin öz başına açdığı ilk belə oyun deyil. 10 il olardı. Əkrəm Əylisli ilə "Təmiz Söhbət" zamanı ondan Baruzdinə yazdığı qalmaqallı məktubdan sonra məruz qaldığı ictimai qınaq və ona necə dözməsi barədə suala cavab istəmişdim:" Qorxmursunuz ki, sizə bazarda yenə nəsə satmaq istəməsinlər?" Cavab olaraq isə "Heç nə satmayacaqlar. Neyləyəcəm?.. Öz həyatımı yaşayacam" bildirib.

Amma mən Əkrəmin ölməsini, ən azı bu yaxınlarda ölməsini istəmirəm. Rafael Hüseynov kimi, mən də ona uzun ömür arzulayıram. Yaşasın və görsün. Yaşasın və hiss etsin. Yaşasın və cavab versin. Hər halda Əkrəm Əylislinin ölümü üçün indiki çağ ən münasib deyil! Ölməyin, yazıçımız! Xalqsız yazıçımız! Yoxsa tabutunuz ağır olacaq. Azərbaycan Yerinin götürə bilməyəcəyi dərəcədə ağır.