Vəkili Tofiq Yaqubludan xəbər gətirib

11 Fevral 2013 16:17 (UTC+04:00)
Həbsdə olan Müsavatın başqan müavini Tofiq Yaqubludan xəbər var. Vəkili Nemət Kərimli "Yeni Müsavat"a bildirib ki, fevralın 11-də onunla görüşüb, saxlanma şəraitindən narazılıq etməyib, səhhəti normaldır və mübarizə əhval-ruhiyyəsindədir.

Vəkil qeyd edib ki, həbslə bağlı Baş Prokurorluğa iki vəsatət verilib:

"Bilirsiniz ki, Tofiq bəyin işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində araşdırılır. Bu idarə xüsusən ağır cinayətlərin araşdırılması ilə məşğuldur. Tofiq Yaqublunun barəsindəki ittiham ağır cinayətlər kateqoriyasına daxil deyil. Onun işini Ağır Cinayətlərə dair İstintaq İdarəsinin araşdırmaq səlahiyyəti yoxdur".
N.Kərimli qeyd edib ki, qanunvericilik araşdırmaların hadisənin ehtimal olunduğu yerdə, yəni İsmayıllı Rayon Prokurorluğunda aparılmasına imkan verir: "Yaxud da şəxsin yaşadığı Suraxanı Rayon Prokurorluğunda araşdırıla bilər. Bununla bağlı vəsatət verdik. Amma ağlım kəsmir ki, bu vəsatət təmin olunsun. İlk gündən absurd ittihamla qanunsuzluğa başlayıblarsa axıra qədər belə edəcəklər. İkinci vəsatət isə iftira araşdırma məlumatlarının yayılmaması ilə bağlı məni iltizama qol çəkdirilməsidir. İzahat tələb etmişəm ki, hansı məlumatları yaymamaq lazımdır, desinlər".

Vəkilin sözlərinə görə, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət veriləcək.

AzNews.az