Rusiyada baş vermiş qəzada yaralanan Azərbaycan vətəndaşlarının adları məlum olub - Yenilənib

16 İyun 2017 22:15 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev qəzaya uğramış mikroavtobusun heç bir nəqliyyat şirkətinə məxsus olmadığını, özəl daşınmaları həyata keçirdiyini bildirib.

Hadisə zamanı avtobusda 2 sürücü, 4 qadın və 8 azyaşlı olub. Qəza zamanı Azərbaycan vətəndaşları – Abbasova Yasəmən (2003-cü il təvəllüdlü), Abbasov Vasil (2005-ci il təvəllüdlü), Ələsgərov Rəhim (1969-cu il təvəllüdlü), Heydərov Vadif Qara oğlu (1951-ci il təvəllüdlü), Yusubova Ülfət (1982-ci il təvəllüdlü), Yusubov Rəvan (2008-ci il təvəllüdlü), Yusubov Natiq (2006-cı il təvəllüdlü), Yusubov Ravil (2013-cü il təvəllüdlü), Yusubov Məmləkət (2005-ci il təvəllüdlü) və Əliyeva Günay (1981-ci il təvəllüdlü) xəsarət alıblar.

Qeyd edək ki, yaralılardan bəziləri bir ailənin üzvləri və qohumlardır. Qəza nəticəsində ümumilikdə 12 nəfər xəsarət alıb. Onlar Komsomolsk xəstəxanasına çatdırılıblar və yaralılara tibbi yardım göstərilib. Hadisə zamanı ağır xəsarət alan olmayıb. Xəsarət alanların vəziyyətinin normal olduğu bildirilir.

***

Rusiyanın Kalmıkiya Respublikasında aşan mikroavtobusun sürücüsü tibbi müayinədən keçirilib, onun qanında alkoqol müəyyən edilməyib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Kalmıkiya DİN nümayəndəsinin sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. DİN rəsmisi həmçinin bildirib ki, hazırda bir qadın həkimlərin nəzarətindədir. Digər sərnişinlərin yüngül xəsarət aldıqları, hospitalizasiyadan imtina etdikləri bildirilir.

Xatırladaq ki, bu gün Rusiyada içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Qəza zamanı mikroavtobusda 9 uşaq olmaqla 17 nəfər olub.

***

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda aşan, içərisində Azərbaycan vətəndaşlarının olduğu bildirilən avtobus Bakı-Nijni Novqorod marşrutu üzrə hərəkət edən marşrut avtobusu deyil.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib ki, Nijni Novqoroddan gələn sərnişin avtobusu iyunun 16-da səhər saatlarında Bakıya çatıb və marşrutda heç bir hadisə baş verməyib:

"Biz dəqiqləşdirdik, belə sərnişin avtobusumuz yoxdur. Əgər qəzaya uğrayan mikroavtobusdursa, ola bilsin, marşrutdan kənar sərnişin daşıyır. Bakıdan Nijni Novqoroda mikroavtobus sərnişin daşımır".

***

Kalmıkiyanın Çernozemelsk rayonunda qəzaya uğrayan Azərbaycan vətəndaşları Komsomolsk qəsəbəsində xəstəxanaya yerləşdirilib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kalmıkiyanın Fövqəladə Xidmət nümayəndələri məlumat verib.

Qeyd olunub ki, xəsarət alanların həyatına heç bir təhlükə yoxdur. Xəsarət alan qadınlardan birinin hamilə olduğu bildirilib.

Hazırda bütün sərnişinlərə tibbi yardım göstərildiyi qeyd edilib.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

***

Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.

Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.

Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.

Qəzanın baş vermə şəraiti araşdırılır.