Lerikdə qar uçqununda evini və yaxınlarını itirən ailə üçün yeni ev tikiləcək

19 İyun 2017 14:38 (UTC+04:00)

Bu barədə "Report"un Cənub bürosuna ailənin böyük oğlu Hamil Mustafayev məlumat verib.

Onun sözlərinə görə, hadisədən sonra dağılmış evin bərpası ilə bağlı akt tərtib edilib, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə təqdim edilib. Artıq ailənin istəyi nəzərə alınmaqla Baş nazir Artur Rəsizdənin sərəncamı ilə Lerik şəhərində yeni mənzil tikilməsinə göstəriş verilib. Bunun üçün torpaq sahəsi və 3 otaqlı mənzilin tikintisi üçün maliyə vəsaiti ayırılıb.

Qeyd edək ki, bu il fevralın 23-də Lerik rayonunun Orand kəndində Əhliman Həbulla oğlu Mustafayevə məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ailənin 4 üzvü - ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev faciəvi şəkildə ölüb. Ailənin sağ qalan üzvləri - Əhliman Mustafayev, onun oğlu Zöhrab Mustafayev və nəvəsi, 8 aylıq körpə Elcan Zöhrabov qohumların evində müvəqqəti yerləşdiriliblər.

Xatırladaq ki, H.Mustafayev kənd bələdiyyəsinin sədridir.

AzNews.az