Polis əməliyyat keçirdi - 7 kilo marixuana aşkarlandı

20 İyun 2017 14:03 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, narkotik istifadəçisi barədə daxil olan məlumatın doğruluğunu yoxlamaq üçün yaradılan əməliyyat qrupu həmin şəxsin ünvanını dəqiqləşdirərək əməliyyat-axtarış tədbirlərinə başlayıb. Rayonun S.Vurğun küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Eldar Çumarinin yaşadığı mənzilə baxış zamanı oradan qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Ekspertiza tərəfindən narkotik vasitənin ümumi çəkisi 2,5 kiloqram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanıb, müvafiq araşdırmalar aparılır.

Bundan başqa, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə məlumat daxil olub.

Dərhal İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb.

Əlində idman çantası ilə skamyalardan birinə yaxınlaşan, kimisə axtarırmış kimi ətrafa göz gəzdirən bir nəfərin hərəkətləri şübhə doğurduğundan o, polis əməkdaşları tərəfindən saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla saxlanılan şəxsin Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov olduğu müəyyən edilib.

Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb.

Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri aparılır.