Çoban 20 günlük körpəsini və 5-ci arvadını çomaqla qətlə yetirdi - Yenilənib 3

21 İyun 2017 17:09 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

***

13:35

Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib. İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törədən R.Məmmədovun axtarışları davam edir.

***

13:09

Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Prokurorluqdan həmçinin bildirilib ki, R. Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

***

12:52

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.

Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.

Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur. Hazırda R. Ələkbərov axtarılır.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az