Təhsil ekspertindən "şort" açıqlaması: “Oğlan dizini uzadır, qız da başını...”

22 İyun 2017 16:57 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında təhsil eksperti Əjdər Ağayev Azərbaycan Universitetinin tələbələrinə şortla gəlməsinə qadağa qoyulmasını şərh edərkən deyib. Onun fikrincə, tələbə ali məktəbə şortla gedirsə, məktəbin daxili intizam qaydalarına tabe olmursa, cəzalanmalıdır:

“Azərbaycanın hər bir müəssisəsinin özünün təsdiq elədiyi geyim forması var. Orta məktəblərdə olduğu kimi ali məktəblərin də tələbələrinin normal geyim tərzi var. Təhsil Nazirliyinine etika, ədəb-ərkan qaydaları adında sənəd var. O sənəddə müəllim və tələbələrlə bağlı qeydlər var. Onlar Azərbaycan adət-ənənəsinə tabe olmalıdır. Əgər ali məktəb tələbəyə şortla gəlməyə qadağan edirsə bu normal qarşılanmalıdır.”

Əjdər Ağayev qeyd edib ki, Azərbaycan nə Fransadır, nə də Amerika: “İkişaf etmiş ölkələrdə gündə bir partlayış olur. Onu indi Azərbaycana gətirək? Görmüşəm ki, oğlan dizini uzadır, qız da başını onun dizinin üstünə qoyub kitab oxuyur. O tələbə mənim məktəbimə gələ bilər? Hər şeyin norması var. İstəmirsə, getsin onun geyiminə imkan verən ölkədə yaşasın. Azərbaycan belələri üçün deyil.”

Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub. Oxu.Az xəbər verir ki, adı çəkilən universitetin İKT fakültəsinin dekan müavini tələbələri sözü gedən təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayalar.

Bahar RÜSTƏMLİ

AzNews.az