Kürdəmirə yağan yağış fəsadlar törətdi - Video

22 İyun 2017 23:53 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, yağış suyu rayonun bəzi küçələrində gediş-gəlişə mane olub.

Sakinlər alternativ küçələrdən istifadə etmək məcburiyyətində qalıblar. Yağış əsasən Bakı prospekti, Mirzə ağa Əliyev, Abbasqulu ağa Bakıxanov və digər küçələri keçilməz edib.

Nizami Həmidov - Sakin: "Evimizə-eşiyimizə gedə bilmirik. Necə gedək? Mümkün deyil. Heç olmasa gəlib suyu çəksinlər".

Evlərin həyətləri və zirzəmiləri də su ilə dolub.

Gülüstan Əkbərova - Sakin: "Həyət-baca yaman gündədir. Qapı elə bir Kürdü. Mator da yoxdur suyu çəkməyə".

Kürdəmir şəhəri üzrə icra nümayəndəsi İlqar Salamov bildirib ki, yağış normadan artıq yağdığına görə belə bir hal baş verib. İcra nümayəndəsinin sözlərinə görə hazırda yağış suyunun küçələrdən çəkilməsi istiqamətində işlər davam edir.