Azərbaycanda sərxoş sürücü polis zabitini döydü

12 Fevral 2013 13:00 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, Bəhramtəpə-Mingəçevir yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində Şıxalı Azad Eyvaz oğlu sərxoş vəziyyətdə idarə etdiyi maşını başqa bir avtomobilə vurub.

Nəticədə ciddi xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə Ağcabədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Polis baş leytenantı Mahir Aslan oğlu Əliyev xidməti vəzifəsinə uyğun olaraq qəzanı aktlaşdırmağa başlayıb. Lakin hadisəni törətmiş sürücü A.Şıxalı polis zabitinə mane olmağa çalışıb. O, M.Əliyevdən akt yazmamağı tələb edib. Hətta sərxoş vəziyyətdə olan sürücü yol polisi əməkdaşına hücum edərək, ona yumruq və təpiklə xəsarətlər də yetirib.

Hadisədən sonra sərxoş sürücü həbs olunub və onun barəsində Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb.

AzNews.az