Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü olub

27 İyun 2017 13:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Polşa Prezidenti ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirən Prezident Andjey Duda bu sahədə imkanların araşdırılması baxımından Azərbaycan-Polşa biznes forumunun və imzalanan sənədlərin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcəyini qeyd edən Prezident Andjey Duda bildirdi ki, Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.

Prezident İlham Əliyev Azərbaycan-Polşa siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi, bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı, bu baxımdan Azərbaycan-Polşa biznes forumunun əhəmiyyətini qeyd etdi.

Söhbət zamanı, həmçinin nəqliyyat, dəmir yolu, energetika, infrastruktur, kənd təsərrüfatı, maşınqayırma, turizm, ərzaq, tikinti, əczaçılıq sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.