Vəfa Quluzadə: “Diplomatik oyun gedir...”

12 Fevral 2013 17:03 (UTC+04:00)
Politoloq Vəfa Quluzadə AzNews.az-ın suallarını cavablandırıb

- Vəfa müəllim, ATƏT-ə ayrılan vəsaitin həcmi açıqlanıb. Kifayət qədər böyük rəqəmdir. Fəaliyyəti bu qədər narazılıq doğuran, yararsız quruma çevrildiyi bildirilən bir təşkilatın saxlanması nəyə gərəkdir ki?

- ATƏT siyasi və diplomatik iş aparır və bu qurum Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunun özü olduqca müsbət məsələdir. Ancaq ATƏT təcavüzkarı güclə təcavüzdən əl çəkməyə məcbur edə bilmir. Çünki, ATƏT-in nə ordusu var, nə də əlində hansısa vasitəsi. Ona görə də ATƏT-dən nəyə qadir olduğunu gözləmək lazımdır. Bu qurumun bütün sammitlərində müsbət işlər görülüb, bunu qiymətləndirmək zəruridir. Səhv etmirəmsə, 1994-cü ildə Rusiya işğal olunmuş ərazilərə öz qoşunlarını yeritmək niyyətindəydi və bunun üçün BMT-nin mandatını istəyirdi. ATƏT-in Budapeşt sammitində buna imkan verilmədi. ATƏT qərar çıxartdı ki, əgər bu ərazilərə qoşun yeridilərsə, o, beynəlmiləl qoşun olmalı və Rusiyanın payı 30 faizdən çox olmamalıdır. Bununla Rusiyanın arzusu da puç oldu və işğal olunmuş ərazilərə qoşun yeridə bilmədi. Lissabon sammitində də yenə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi, Dağlıq Qarabağ məsələsinin həllinin yalnız ərazi bütövlüyü çərçivəsində mümkün olduğu vurğulandı.

- Minsk qrupunun "tərəflər özləri razılığa gəlməlidir" fikri narazılıq doğurur və bildirilir ki, tərətlər özləri razılığa gələ bilirsə vasitəçilərə nə ehtiyac vardı?

- Bu fikir hamı üçün aydındır. Diplomatik oyun gedir və bu diplomatik oyun da ondan ibarətdir ki, bütün vasitələrdən istifadə etməklə münaqişənin yenidən qızışmasına imkan verməmək, danışıqlar aparmaq lazımdır. Ona görə də 20 ildir sülh danışıqları aparılır. Əgər 20 ildə bu danışıqlar aparılmasaydı müharibənin yenidən başlanması imkanları qat-qat artıq olardı. ATƏT-ə üzv olan ölkələrin hamısı çox yaxşı bilir ki, Azərbaycanın ərazilərini Ermənistan adı altında Rusiya işğal edib. Bu mənada problemin həlli üçün hərbi güc müstəvisinə keçmək o qədər də asan deyil. Biz özümüz də bunu başa düşməliyik və quru, boş yerdən təmənna etməməliyik.

- Rusiya rəsmiləri münaqişənin həllini qəliz adlandırır. Bunu Rusiyanın mesajı kimi qəbul etmək olarmı?

- Rusiya münaqişənin həllini, Qarabağ məsələsinin aradan qalxmasını istəmir. Rəsmi Moskva Rusiya ilə Ermənistan arasında sülhün imzalanmasını istəmir. Əgər bu sülh bağlansa, onda imperialist Rusiyanın Cənubi Qafqazda bütün təsiri sıfıra enir. Ermənistan Türkiyə və Azərbaycanla strateji partnyorluq edir, Rusiya da qalır çöldə. O səbəbə görə də Rusiya birinci növbədə erməniləri əzərək, onlara istədiyi kimi əmrlər verir, onlar da Kremlin istədiyi kimi hərəkət edirlər. Sergey Narışkin də bunu açıq şəkildə deyib.

- Türkiyənin regiona buraxılması, onun bölgədə mövcud olması problemin həllinə nə dərəcədə təsir göstərə, həll prosesini sürətləndirə bilər?

- Elə güman olunur ki, guya kimsə Türkiyəyə qapını bağlayıb, Türkiyə də ona görə içəri girə bilmir. Məsələ ondadır ki, Türkiyə Rusiya ilə müqayisədə daha kiçik qüvvədir. Bəli, Rusiya vaxtılə Amerikaya bərabər super dövlət idi. SSRİ dağıldı və bu super dövlət də uçdu, amma yenə də Türkiyə ilə müqayisədə Rusiya nüvə ölkəsidir. Ona görə də Türkiyə nə qədər arzu etsə də Rusiyanı yerində oturda bilməz. Üstəlik də Türkiyənin Rusiya ilə geniş iqtisadi əlaqələri var. Yanacaq, qaz, neft alveri, tikinti məsələləri hesabına Türkiyə Rusiyadan milyardlarla gəlir götürür. Belə götürəndə Rusiya Türkiyə üçün Azərbaycandan daha əhəmiyyətlidir.

- İranın Azərbaycandakı səfiri Türkiyəni "pantürkist" siyasət yürütməkdə ittiham edir...

- Görünür İran səfirinin hələ də xəbəri yoxdur ki, "pantürkist" ideyalar keçən əsrin əvvəllərində öldü və dirilməyəcək də. "Pantürkizm" mümkün olmayan şeydir, eynilə də "panislamizm" ideyaları XX əsrin əvvəllərində yox oldu, puç olub getdi. Ona görə də mən hesab edirəm ki, İranın səfiri bunu ya başa düşmür, ya da Türkiyəni aşağılamaq istəyir. Digər bir tərəfdən də XXI əsrin ideologiyası demokratiya ideologiyasıdır və bu demokratiya ideologiyasından da İran kimi avtoritar rejimlər qorxur.

Gültəkin
AzNews.az