Azərbaycana xidmət etmiş polyakların şərəfinə xatirə lövhələri qurulub - Foto

29 İyun 2017 20:52 (UTC+04:00)

AzNews.az Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ənənənin davamı olaraq, cari ilin 26 may, 2 və 9 iyun tarixlərində səfirlik tərəfindən növbəti üç xatirə lövhəsinin açılış mərasimi təşkil edib.

Belə ki, 26 may tarixində Soxaçev Mədəniyyət Mərkəzində təşkil edilən və Azərbaycan xalq musiqisini Avropa notları ilə yazaraq Avropada təbliğ etmiş polşalı pianoçu Antoni Kontskinin xatirəsinə həsr edilmiş xatirə lövhəsinin açılış mərasimi təşkil edilib. Tədbirdə Soxaçev şəhər rəhbərliyinin nümayəndələri, Polşa seyminin üzvləri, Kontskilər ailəsinin təmsilçiləri, şəhər sakinləri, televiziya və səfirlik nümayəndələri iştirak etmişdir. Tədbir çərçivəsində Soxaçev kamera orkestri tərəfindən Azərbaycan bəstəkarları və Antoni Kontskinin əsərlərindən ibarət konsert proqramı, həmçinin Azərbaycan mədəniyyətini, milli irsini və A.Kontskinin yaradıcılığını əks edən sərgi də təşkil edilib.

2 iyun tarixində Torun şəhərində yerləşən Sibir sürgünlərinin adına 6 saylı məktəbdə 1842, 1845 və 1859-cu illərdə Varşavada nəşr edilmiş “Qafqaz oçerkləri” kitabında Bakı şəhərinin qədim mənşəyi və məşhur Qız qalası haqqında məlumat vermiş və Azərbaycana səfər etmiş tanınmış polyak tədqiqatçısı və səyyahı Mixal Andjeykoviç-Butovta həsr edilmiş xatirə lövhəsinin açılış mərasimi baş tutub. Tədbirdə Torun şəhər rəhbərliyi və nümayəndələri, məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, Sosializm dövründə repressiyalara məruz qalmış polyakların “Sibirlilər Cəmiyyəti”nin üzvləri və səfirlik nümayəndələri iştirak edib.

9 iyun tarixində isə Beljıtse şəhərində yerləşən N.Kopernik adına məktəbdə Azərbaycan alimi və tarixçisi Abbasqulu ağa Bakıxanov və polyak riyaziyyatçısı, astronomu Nikolay Kopernikin şərəfinə birgə xatirə lövhəsinin açılış mərasimi olub. Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun rəhbərliyi altında Azərbaycandan gəlmiş nümayəndə heyəti, şəhər rəhbərliyinin nümayəndələri, məktəbin rəhbərliyi, müəllim və şagird heyəti və səfirlik əməkdaşları iştirak edib.

Qeyd olunan bütün tədbirlərdə səfir Həsən Həsənov iştirak edərək, Azərbaycanın tarixi, müasir dövrü, Azərbaycan-Polşa əlaqələri haqqında məlumat verməklə yanaşı, Səfirlik tərəfindən Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinə həsr edilmiş və polyak dilində nəşr edilmiş kitabları məktəb kitabxanasına hədiyyə edib.