Taleh Bağırovun apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı açıqlandı

1 İyul 2017 12:32 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Apellyasiya şikayəti üzrə ilkin baxış iclası iyulun 7-nə təyin edilib. İclas Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, apellyasiya şikayəti üzrə məhkəmə iclası bir müddət əvvəl başlayıb. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda T. Bağırovun vəkili Yalçın İmanov deyib ki, məhkəmə prosesinin protokolları ilə tanış olmayıblar. Onlar bunun üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib və iş birinci instansiya məhkəməsinə qaytarılıb. Vəkillər protokollarla tanış olduqdan sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsində qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları çəkilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

AzNews.az