Lapşinin anası məhkəmədə ifadə verəcək - Yenilənib

3 İyul 2017 15:01 (UTC+04:00)

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Şahid Eyyub Əbdüləzimov Şuşadan məcburi köçkün olduğunu, A. Lapşini məqalələrinə görə mətbuatdan tanıdığını deyib: "Mənim Şuşada mülklərim var. Bu torpaqlar ata-baba yurdumdur. Lapşin isə Qarabağa gedərək, mənim doğma yurdumu müstəqil erməni dövləti kimi təqdim edib. Halbuki bu ərazilər Azərbaycanın torpaqlarıdır. Ermənilər Şuşada mənim mülkümü işğal edib. Heç kimin Azərbaycanın sərhədlərini pozmağa ixtiyarı yoxdur. Buna görə məhkəmədən Lapşinə lazımi cəza verilməsini istəyirəm".

Şahid Fəxrəddin Səfərov da işğala qədər Şuşada yaşadığını və orada geniş mülk sahibi olduğunu deyib. O bildirib ki, A. Lapşin bütün azərbaycanlıların heysiyyətinə toxunub: "Mənim babamın babası da Şuşada doğulub. Bu yerlər əzəli Azərbaycan torpağıdır. Mətbuatdan bilirdim ki, Lapşin Azərbaycanın əleyhinə danışır. Mən Qarabağda döyüşmüşəm. Orada ermənilər 6 yaşında qıza təcavüz ediblər. Lapşin isə işğalçıları, təcavüzkarları müdafiə edərək, bizim haqqımızı pozur. Buna görə əməlini etiraf etməlidir".

Sonda hakim qeyd edib ki, iş üzrə artıq 3 şahid qalıb.

***

14:47

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Hakim bildirib ki, prosesdə Lapşinin anası da ifadə vermək istəyir. Onun iştirakı növbəti prosesdə təmin olunacaq.

Proses iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

AzNews.az