"Azercell" Karyera Sərgisində iştirak etdi

4 İyul 2017 12:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Azercell Telekom" növbəti dəfə tələbə və məzunların inkişafında və gələcək karyeralarında dəstək olmaq üçün karyera yarmarkasında iştirak edib. Tədbirdə 3 dövlət və "Azercell" daxil omaqla 44 özəl sektora aid 47 müəssisə tərəfindən 200 boş (vakant) iş yeri təqdim olunub.

Şirkət nümayəndələri "Azercell"ə işə qəbul olmaq istəyən məzunları şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları "Azercell"ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tədbirin keçirilməsində məqsəd - öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Qeyd edək ki, "Azercell Telekom" daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq "Azercell"in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, "Azercell"in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

AzNews.az