"Şahdəniz-2" üçün birinci platformanın üst tikililəri quraşdırıldı - Foto

4 İyul 2017 15:10 (UTC+04:00)

AzNews.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, STB-1 barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət etmiş, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulmuşdur. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürmüşdür.

Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülmüş və sazlama-montaj işlərinə hazırlıq başlanmışdır.

BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond: “Bu gözəl xəbərdir. Shahdəniz 2-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub. Həm də nə gözəl ki, hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm.”

AzNews.az