Kür çayının su sərfi artdı

4 İyul 2017 17:02 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun üçüncü ongünlüyündə Kür çayında suyun sərfi iyunun ikinci ongünlüyünə nisbətən saniyədə 79 kubmetr artaraq saniyədə 241 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 4,2, Ağstafaçay su anbarında isə 3,2 dəfə keçib.

İyunun üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar YVQH-ni Araz çayı üzrə Horadizdə 2,4, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2,7 dəfə keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,92-7,9 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

AzNews.az