Gənclər hərbi xidmətə yola salındılar

4 İyul 2017 20:28 (UTC+04:00)

AzNews.az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, mərasimdə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ramiz Həsənov hərbi xidmətə yola düşən gənclərə qalib əsgər kim doğmalarının yanına qayıtmağı arzulayıb.

General-mayor Novruzəli Orucov vətəni qorumaq kimi müqəddəs bir vəzifəni icra edəcək gəncləri təbrik edib. O, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini bildirib.

Daha sonra çıxış edən müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə müvəffəqiyyətlər arzulayıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Zəngilan rayonunun özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.