Ermənilərin öldürdüyü 2 yaşlı Zəhrə bu gün dəfn ediləcək- FOTO

5 İyul 2017 10:04 (UTC+04:00)

Bunu AzNews.az-a Füzuli rayonun Alxanlı kəndi sakinləri bildirib. Sakinlərin sözlərinə görə, 2 yaşlı Zəhra Quliyeva başından yaralanıb:

“Hadisə axşam tərəfi baş verib. Zəhra qapılarının ağzında oynayırmış. Elə oradaca düşmən gülləsinə tuş gəlib. Həmin anda hərbi qospitala apardılar. Amma ora çatanda artıq uşaq keçinmişdi. Zəhranın anası Sərvinaz Quliyeva isə qəlpə yarası alıb. Onu əməliyyata aldılar. Hazırda vəziyyəti stabildir.”

Kənd sakinləri deyir ki, Quliyevalar ailəsi 2000-ci ildən Alxanlıda yaşayır: “Kənd əhalisi hamısı yerindədir.”

Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanıb.

Bahar RÜSTƏMLİ

AzNews.az