“Hakimiyyətdəki ruspərəst qüvvələr Ziyalılar Forumu ilə gizlin əlaqədədirlər”- MÜSAHİBƏ

13 Fevral 2013 10:50 (UTC+04:00)


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun AzNews.az-a müsahibəsi:

- Sərdar bəy, ölkədəki ictimai-siyasi durumu necə şərh edərdiz?

- Azərbaycanda ilk dəfədir ki, qarşıdan gələn seçkilər ənənəvi çərçivədən çıxıb. Əvvəlki seçkilərdə hər şey hakimiyyətin nəzarəti altında, bulanıq şəkildə olub. İndi nə baş verir? Hakimiyyət Rusiyanı İsraillə əvəzləyib. Bu seçki texnologiyası Rusiyanınkından fərqlənir. Rusiyanın seçki texnologiyası kobud, saxtalaşdırmaqdan ibarətdir. Çox güman ki, yəhudilərin seçki texnologiyaları daha çox avropalıların qəbul edəcəyi saxtakarlığı və ya seçkini ortalığa çıxarmağa xidmət edəcək. Bu günə qədər Azərbaycan iqtidarı həmişə monolit olub. Maraqlıdır ki, müxalifət də monolit olub. İlk dəfədir ki, hakimiyyət parçalanmış şəkildə seçkiyə gedir. Müxalifət də seçkiyə bu cür gedir. Qərb və Amerika Azərbaycanın tarazlaşdırma siyasətindən, artıq, imtina edilməsini tələb edir. Həmçinin, həmin qüvvələr status-kvonun dəyişdirilməsini də tələb edirlər. Status-kvo nədir? Birinci ölkədə son 20 ildəki vəziyyət dəyişməlidir. Qarabağ məsələsi həll edilməlidir. Yəni münaqişə uzanmamalıdır, ya Azərbaycanın, ya da Ermənistanın xeyrinə münaqişə çözülməlidir. Bu münaqişənin həlli uzandıqca bölgəyə Rusiyanın və başqa güclərin müdaxiləsi riski artır.

İkinci hakimiyyətdə status-kvo dəyişməlidir. Rusiyanın və Amerikanın tarazlaşdırılması o deməkdir ki, bir qüvvə Rusiyanın maraqlarına, bir qüvvə də Amerikanın maraqlarına xidmət edir. Bu da o deməkdir ki, ya Rusiya xidmət edən qüvvələr qərbə tərəf yönlənməlidir, ya da hakimiyyətdən uzaqlaşdırılmalıdır.

Üçüncü status-kvo Azərbaycandakı seçki texnologiyasının dəyişməsinə yönəlib. Beynəlxalq təşkilatların hesabatlarında da yazılmışdı ki, Azərbaycanda normal, demokratik seçki keçirilmir. Bu seçki ənənəsindən imtina edilməlidir. Hətta hökumət qələbə qazanacaqsa, bu, qanuni yolla olmalıdır. Rusiya status-kvonun dəyişilməsində maraqlı deyil. Belə olan halda dövlətin mövcudluğu təhlükə altına düşür. Amerika siyasi yolla hərəkət edirsə, Rusiya hərbi yolla müdaxiləyə üstünlük verir. Rusiya bu istiqamətdə "Sadval" təşkilatını aktivləşdirib, üstəgəl Azərbaycandakı situasiyaya təsir etmək üçün "Milyarderlər İttifaqı"nı yaradıb. Beləliklə, qarşıdan gələn seçkilər əvvəlki illərdə olduğu kimi Rusiya ilə Qərbin uzlaşması istiqamətində deyil, iki qüvvənin qarşıdurması istiqamətində gedəcək. Ola bilər, seçkilərdə terror baş versin.

- Dediklərinizdən belə çıxır ki, ölkədə baş verən qarşıdurmalarda Rusiyanın maraqları təmin olunur...

- Azərbaycan sosial narazılıq var. Sosial narazılıqdan 3 qüvvə istifadə edə bilər: Xarici, müxalifət, hökumət qüvvələri. Xarici qüvvələr istifadə edib, ölkənin müstəqilliyinə suverenliyinə zərər gətirə bilər. İqtidarda elitalar arasında savaşma varsa, bu da çaxnaşma yaradır.

Müxalifətin sosial narazılıqdan istifadəetmə şansı azdır. Deməli, ortada iki qüvvə qalır: xarici və hakimiyyətdaxili qüvvələr. Ola bilər, hadisəni bir qüvvə törətsin, digər qüvvə isə ondan istifadə etsin. Bəlkə İsmayıllı hadisələrini Rusiya törətməyib, amma vəziyyətdən yararlanmağa çalışır. Baxın, Rusiyada İsmayıllıda yaşayan "Malakan"ların hüquqlarının pozulması ilə bağlı imzatoplama kampaniyasına başlayıb. Həmçinin, hakimiyyət də bundan istifadə edə bilər, camaatı qorxuda bilər və.s. Hər iki qüvvə istifadə edir müxalifətə heç nə qalmır. Ona görə də müxalifət suların bulanmasına imkan verməməlidir. Çünki həmin hadisələrdən çıxan nəticələr bizim maraqlarımıza cavab verməyə bilər.

- Bəs müxalifət nə etməlidir?

- Xalqı maarifləndirmək lazımdır. İsmayıllı hadisəsi baş verməmişdən əvvəl Bakıdan adamlar ora gedib və camaatı qızışdırırmışlar. Bir neçə "avtoş" da ora gedib. Şəhərin mərkəzində maşını sürətlə sürürlərmiş. Bu yerli sakinləri qıcıqlandırmağa hesablanıb. Müxalifət xalqı maarifləndirməlidir ki, hər təxribata uymasınlar. Narazılığın həll edilməsinin iki yolu var: bir hüquqi, digəri də siyasi müstəvidir. İnsanlar çox asanlıqla hüquqi və siyasi müstəvidən çıxırlar və sosial-iqtisadi bataqlığa yuvarlanırlar. Bu da məmurlara sərf edir. Müxalifət xalqı birləşdirməlidir. Birləşə bilmiriksə, deməli, demokrat deyilik. Ziddiyyətlər, fikir ayrılıqları ola bilər, amma mütləq insanlar birləşməlidir. Azərbaycan müxalifətində "mənim filankəsdən xoşum gəlmir, ona görə onun yanında oturmayacam" kimi fikirlər hökm sürür. Bu, antidemokratik düşüncədir. Müxalifət demokratik dəyərlərdən sürətlə uzaqlaşır.


ORADA KONKRET OLARAQ, CİNAYƏT TÖRƏTMİŞ ŞƏXSLƏR TUTULUB, AMMA BİZ ONLARI MÜDAFİƏ EDİRİK, HAKİMİYYƏTİ İTTİHAM EDİRİK

- Etiraf edək ki, müxalifətin maarifləndirmə resursları demək olar, yox dərəcəsindədir...

- İsmayıllıda bir hadisə olur adını qoyurlar "Xalq hərəkatı". Axı bu belə deyil. Əgər bir xalq dağıtmaq, yandırmaq yolu ilə ayağa qalxırsa, kim ona dəstək verər?! Orada konkret olaraq, cinayət törətmiş şəxslər tutulub, amma biz onları müdafiə edirik, hakimiyyəti ittiham edirik. Bu, yanlışdır. Vətəndaşlar qanunları pozmağa meyl etdikcə Azərbaycanda proseslər xaosa doğru gedir. Əksinə, bunun əleyhinə çıxmalıyıq. Müxalifət də iqtidar kimi antidemokratikdir. Müxalifətlə demokratiya arasında seçim etməyi bacarmalıyıq.

- Birləşmə istiqamətində ciddi əngəllər var. Bu əngəllərdən biri müxalif qüvvələrin bir-birlərini hakimiyyətə işləməkdə ittiham etmələridir. Bu cür hallara münasibətiniz necədir?

- Bu da müxalifətçiliyin nə olduğunu bilməməkdən irəli gəlir. Kimsə iqtidarda məsuliyyət daşımırsa, biz ona iqtidar deyə bilmərik. Tutaq ki, nazir, prezident məsuliyyət daşımırsa, ona iqtidar demək olmaz. Sinfi cəmiyyətlərdə iqtidarla müxalifət əks cəbhələrdə dayanır. Dostlar deyir ki, prezidenti söyəndə adını çəkmirsizsə, necə inanaq ki, siz hakimiyyətə işləmirsiz? Amma demokratik ölkələrdə belə deyil. Amerikalılar deyir ki, iqtidarda iki cür qüvvə var: Liberal və radikal. Müxalifətdə də həmçinin. Amerikanın fazalı demokratiyası göstərir ki, iqtidardakı liberal qüvvələrlə müxalifətdəki liberalları birləşdirmək lazımdır. Bu zaman radikallar kənarda qalır. Biz Amerikadan dəstək istəyiriksə, bu yolu getməliyik. Bəzi insanlar - Sabir Rüstəmxanlı, İlyas İsmayılov, İqbal Ağadə bu yolu tutub. Məsələn, bizdə özünü radikal adlandıran AXCP və Müsavat deyir ki, liberal müxalifət hökumətə işləyir. Müxalifətdə əməkdaşlığa hazır olan qüvvə olmalıdır.

- Bəlkə mandat aldıqlarına görə elə deyirlər...

- Heydər Əliyevin vaxtında iki dəfə 6 mandatı Xalq Cəbhəsinə, 2 dəfə Müsavata verilib. Sən mandat alanda satılmış hesab edilmirsən, mən alanda satılmış oluram?! Bunların hamısı konyukturadır. Bu, müxalifətin bir araya gəlməsinin qarşısını alan radikal qüvvələrin yersiz ittihamlarıdır. Bu ittihamlar savadsızlıqdan qaynaqlanır.

- Hakimiyyətə işləmə məsələsini əbəs yerə demədim. Sizin daxil olduğunuz bloku da hakimiyyətə işləməkdə ittiham edirlər. Hətta sizin YAP rəsmilərindən biri ilə qohumluğunuz qabardılır. Buna necə şərh verərdiz?

- O mənim kəndimdəndir. Tutaq ki, qohumumdur, iqtidarı müdafiə edir. Mən ona deyə bilmərəm ki, iqtidara qoşulma. Həmçinin, o da mənə. Bunların totalitar düşüncələri Stalini də vurub keçir. Deyirlər ki, qohum qohuma cavabdehdir. Siyavuş (Novruzov –red.)atamın bibisinin nəvəsidir. Atamın bibisi nəvəsi iqtidardırsa, mən də iqtidardayam? Özlərini demokrat adlandıranlar, görünür, Stalindən də diktatordur. Bunların hamısını müxalifətin birləşməsinin qarşısına almağa yönəlib. 2003-cü ildə sənlə çiyin-çiyinə mübarizə apardım, məni həbs etdilər, işgəncə verdilər. Onda da Siyavuş qohumum idi. Necə oldu, qohumluq mənə mane olmadı?! İqbal Ağazadə İsa Qəmbərə görə 2003-cü ildə həbsxanaya düşdü. Bu necə hökumətin adamıdır ki, hökumət bunun evini dağıtdı, işgəncə verdi? Deməyim odur ki, onların satqın dedikləri şəxslər 2003-cü ildə İsa Qəmbəri müdafiə etdiklərinə görə həbsxanada yatıblar. Bu gün İsa Qəmbərin yanında olan adamların əksəriyyəti 2003-cü ildə onu satan və ya ona dəstək verməyən adamlardı. Bu iddiaların hamısı müxalifətin birləşməsinin qarşısını almağa yönəlib. Hakimiyyət elitası bir yerdə olmadığına görə müxalifəti də qoymurlar. Deməli, elitanın müxalifət daxilində adamları var. Deyirlər ki, birləşməyin. Hərə öz adamını çəkib kənara hərəkət edir. Bu onu göstərir ki, Azərbaycan müxalifəti iqtidarın müxtəlif qanadları ilə əlaqəsi var. Həmin qanadlar bir-birilə vuruşur deyə müxalifət birləşə bilmir. Çünki yuxarıdan komanda verilir.

- Amma son zamanlar müxalifətin birləşməsi istiqamətində bir neçə təşəbbüs irəli sürülüb. Bunları necə qiymətləndirirsiz?

- Siyasətdə zaman çox önəmlidir. Zaman baxımından müxalifətin birliyinin effekti əldən buraxılıb. Biz 2 il bundan öncə birləşməli idik. Artıq, yaranan birlik o qədər gücə malik olmayacaq. İndiki birlik hadisələri daha ağıllı proqnozlaşdırmaq üçün lazımdır.

- Siz müxalifətin qarşıdan gələn seçkilərdə hakimiyyəti dəyişəcəyinə güman etmirsiz?

- Hakimiyyəti yalnız müxalifət dəyişdirmir ki? Hakimiyyəti iqtidar da dəyişə bilər. Üçüncü qüvvə məsələsi var. Rüstəm İbrahimbəyov müxalifətdir ki?! Azərbaycanda hakimiyyətin dəyişməsinə aşkar qüvvə müxalifətdirsə, 4-5 qüvvə var ki, aşkar deyil. Həmin qüvvələr hakimiyyətin ələ alınmasında maraqlıdır. Azərbaycan müxalifəti hakimiyyəti ələ almaq sırasında ən sonuncudur. Rüstəm İbrahimbəyov daha çox hakimiyyət uğrunda mübarizə aparır, nəinki bütünlükdə Azərbaycan müxalifəti.

- "EL" Hərəkatının nailiyyət əldə edəcəyi nə dərəcədə realdır?

- Siyasət bir aysberqidir. "EL" Hərəkatını aysberqə bənzətsəm, bunun suyun altında olan hissəsi "Milyarderlər İttifaqı"dır. Hələ bəlkə də bu da aysberqin görünən tərəfidir. Onun arxasında Rusiyanın güc strukturları durur. Tez-tez Putin ittifaqın nümayəndəsini qəbul edir. Bu, adi məsələ deyil. Həmçinin, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü Ramazan Abdullatipovun Dağıstana prezident gətirilməsi çox ciddi məsələdir. Azərbaycan müxalifəti, ümumiyyətlə, yatıb. Arif Hacılının Abdullatipov haqqında dediklərini oxudum. Arif Hacılının onun haqqında "yaxşı oğlandır, sakitliyin tərəfdarıdır, həm də Azərbaycanda doğulub" deməsi təəccüb doğurur. Yanvarın 20-də qoşunları çıxaran azərbaycanlılar deyildi? Qarabağın işğal olunmasını araşdıranda həmin məsələdə müəyyən azərbaycanlıların şərəfsiz mövqe tutduğunu görəcəyik. Nə olsun ki, Adbullatipov azərbaycanlıdır?! Biz xalqın başının altına yastıq qoymamalıyıq. Hətta o əhəmiyyətsiz bir şey olsa belə, onu böyütməliyik.

- Ziyalılar Forumunun daxilində "hakimiyyətə işləyən" qüvvələr var?

- Hakimiyyət daxilində ruspərəst qüvvələr Ziyalılar Forumu ilə gizlin əlaqədədirlər. Hakimiyyət uğrunda mübarizə aparan elə qüvvələr var ki, müxalifət onların yanında sonuncudur.

İSA QƏMBƏRİN NAMİZƏDLİYİ LƏĞV EDİLƏ BİLƏR

- Sərdar bəy, partiyanızda seçkilərlə bağlı hansı işlər görülür?

- Bir məsələni qeyd edim, biz həmişə hökuməti qanunu pozmaqda ittiham edirik. Eyni ilə hökumət necə qanunu pozursa, müxalifət də elə. Seçki Məcəlləsində aydın göstərilir ki, prezidentliyə namizəd nə vaxt irəli sürülə bilər, seçkilərlə bağlı kampaniya nə vaxt başlaya bilər. İsa Qəmbərin namizədliyini irəli sürməsi qanuna ziddir. Seçkiyə 25 gün qalmış namizədi irəli sürüməlidir. Bu, qeyri-bərabərlikdir. Çünki Müsavat Partiyası təbliğatını indidən aparacaq, bizim partiya isə qanun tələblərinə uyğun olaraq gözləməlidir. Belə olmaz. Niyə İlham Əliyevin namizədliyi irəli sürülmür? Çünki onlar qanunu yaxşı bilirlər. Konstitusiyaya görə, Mərkəzi Seçki Komissiyası (MSK) indidən irəli sürülən partiya sədrlərinin namizədliyini ləğv edə bilər. Bunlar hamısı oyundur və bizim nə qədər demokratiyadan uzaq olduğumuzu göstərir. "Qarabağ" blokunun seçkilərlə bağlı qərar qəbuletmə ixtiyarı yoxdur. Seçkilərlə kampaniya başlayan vaxt bloku buraxmaq və yeni "Qarabağ" seçki bloku yaratmaq lazımdır.

- Sizin seçki blokunuzda İqbal Ağazədə önə çıxacaq, yoxsa siz?

- Burada söhbət namizədin kimliyindən getmir. Müxalifət bir araya gəlmədiyinə görə, artıq, seçkilərdə iştirak formal xarakter daşıyır. Bunun üçün düşünməyə də dəyməz. Kimin həvəsi olsa, o gedəcək. Əlbəttə, seçkilərdə iştirak etmək əlavə dividentlər gətirir.

İlkin PİRƏLİ
AzNews.az