“Qohumlarımın da mülklərini mənim adıma yazıb, həbs qoyublar” - Akif Çovdarov

5 İyul 2017 16:03 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə bir sıra şahid və zərərçəkmişlərin dəfələrlə prosesə çağırılsalar da, gəlmədikləri məlum olub.

Hakim həmin şəxslərin istintaq zamanı verdikləri ifadə ilə kifayətlənməyi müzakirəyə çıxarıb. Lakin təqsirləndirilən şəxslər bir sıra şahid və zərərçəkmişin iclasa gəlib, ifadə verməsinin vacib olduğunu deyiblər.

İclasda barəsində məcburi gətirilmə qərarı çıxarılmış şahid Zülfüqar Məmmədov ifadə verib. Zərərçəkmiş Mübariz Məmmədovun qardaşı olan Z. Məmmədov bildirib ki, qardaşının MTN-ə çağırılmasını bilib, lakin orada döyülməsindən məlumatsızdır. O, istintaq zamanı verdiyi ifadələrin bir hissəsini təsdiqləməyib.

Şahid Nizami Bayramov isə bildirib ki, A. Çovdarovun kürəkəni Rövşən Əhmədov obyektlər tikib və həmin obyektlər R. Əhmədova məxsus olub.

Akif Çovdarov deyib ki, qohumlarına məxsus əmlakları da onun adına yazıb, həbs qoyublar: “Mənim kürəkənim bizneslə məşğul olub. Qohumlarımın mülklərinin də mənə adiyyəti yoxdur. Onları mənim adıma yazmaq düzgün deyil”.

Proses iyulun 10-da davam edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

AzNews.az