Bakıda ana və qızını vuraraq öldürən sürücü tutuldu

13 Fevral 2013 11:32 (UTC+04:00)
Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Bakının Heydər Əliyev prospektində baş verən ağır yol qəzası ilə bağlı birgə məlumat yayıb.

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, paytaxtın Nizami rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, fevralın 12-də saat 19:30 radələrində Bakı Metropoliteninin "Koroğlu" stansiyasının qarşısında 1992-ci il təvəllüdlü Abbasov Elçin Əfqan oğlu idarə etdiyi "Mercedes-Benz 180" markalı, "90-CV-823" dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolu keçən piyadalar - 1986-cı il təvəllüdlü Cavadova Gülxar Ələmdar qızı, onun bacısı, 1993-cü il təvəllüdlü Cavadova Ramilə Ələmdar qızı və sonuncunun qızı, 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını vurub. Baş vermiş hadisə nəticəsində G.Cavadova və G.Məmmədova ölüb, digər zərərçəkmiş R.Cavadova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində şübhəli bilinən sürücü 1984-cü il təvəllüdlü Məmmədov Fuad İlham oğlu istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzNews.az