“Qarabağ” klubu “Legiya”nın kapitanını transfer edib

6 İyul 2017 17:50 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb.

Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra “Legiya”ya transfer olub. Otuz yaşlı futbolçu son 13 ili “Legiya”da keçirib. Y.Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub.

Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.

Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi “Qarabağ”da “52” nömrəli forma ilə mübarizə aparacaq.

AzNews.az