AzNews.az xəbər verir ki, müğənni sosial şəbəkədə bəstəkar Aygün Səmədzadənin Azərbaycan bölgələri ilə bağlı fikirlərinin cəmiyyətdə birmənalı qarşılanmadığına və böyük qalmaqala səbəb olduğuna görə incəsənətin savadlı, ziyalı nümayəndələrinə üz tutub:
“Bu qədər də olmaz. İllər öncə mənə böyük uğur gətirən “Məktəb illəri” mahnısını Aygün Səmədzadə mənə etibar edəndə mənim bakılı və ya rayonlu olmağımın onun üçün önəmi olmamışdı. Nəinki mənim, mənim kimi onun mahnılarını oxuyan və ömürlük vizit kartı qazanan başqa ifaçı və sənətkarların da həmçinin. Baxın, anam talış, atam isə azərbaycanlıdır. Bakıda dogulsam da Cənub mənim üçün Bakı qədər əzizdir. Bununla mən Azərbaycanımı bölgələrə bölmək istəmirəm, sadəcə aydınlıq gətirirəm. Əgər Aygun xanım üçün bu bir önəm daşısaydı "Məktəb illəri " mahnısını mənə deyil, elə öz bakılısına oxutdurardı”.
Lalə Məmmədova qeyd edib ki, Aygün Səmədzadə Azərbaycan musiqisinə böyük töhfə verənlərdəndir: “Belə bir insanın haqqında xoşagəlməyən fikirlər yazanlar görəsən bu vətən, torpaq üçün nəsə edə biliblər?”.
Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızı, Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə Azərbaycan bölgələri haqqında yazdığı fikirlər böyük narazılığa səbəb olub. Aygün Səmədzadə hesab edir ki, təhsil müəssisələrinə rüşvət də məhz rayon adamları tərəfindən gətirilib.
Bahar RÜSTƏMLİ
AzNews.az