Mingəçevirli gənclər təntənəli şəkildə hərbi xidmətə yollanıblar - Foto

8 İyul 2017 21:50 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin, YAP şəhər təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin rəhbər şəxsləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin üzvləri, valideynlər iştirak edib.

Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıblar. Natiqlər gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi, düşməndən şəhidlərimizin qisasını almağı, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirməyi, hərbi xidməti vicdanla başa vurmağı tövsiyə ediblər. Bildiriblər ki, bu gün Azərbaycan Ordusu mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Qeyd edilib ki, cəbhədə Ermənistan ordusunun törətdiyi təxribatlar cavabsız qalmayacaq, qüdrətli ordumuz şəhidlərimizin qisasını alacaq.

Sonra çağırışçı gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyib və onlara Vətənin layiqli əsgəri olmağı tövsiyə ediblər.

Mərasimdə məktəblilərin və incəsənət ustalarının ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa olunub. Konsert proqramından sonra çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli bayrağımızı öpüb, müqəddəs “Qurani-Kərim”in altından keçiblər. Çağırışçı gənclər valideynləri və yaxınları ilə görüşərək ordu sıralarına həvəslə yola düşüblər.

AzNews.az