Eldar Sabiroğlu: “Ermənilərdə pul hardandır ki...”

13 Fevral 2013 13:38 (UTC+04:00)
"Qoşunların təmas xəttinin bəzi nöqtələrində atəşkəsin pozulması müəyyən qədər az, bəzilərində isə çox olur. Ümumiyyətlə isə, hər gün cəbhə xəttində atışma var və bunun nəticəsində bəzən hər iki tərəfdən itkilər də, yaralılar da olur".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu AzNews.az-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi intensiv pozmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, ermənilərin aqressivləşməsində Azərbaycanın bu günlərdə qoşunların təmas xəttinə yaxın ərazilərdə keçirdiyi irimiqyaslı hərbi təlimlərin də rolu var:

"Yəqin ki, bizim keçirdiyimiz hərbi təlimlərin də təsiri olmamış deyil. Amma buna baxmayaraq biz öz təlimlərimizi keçiririk və bu proses plana uyğun olaraq gedir".

Bu günlərdə Azərbaycanın keçirdiyi hərbi təlimlərin irimiqyaslı olduğunu vurğulayan E.Sabiroğlu deyib ki, bu təlimlərə hərbi hava qüvvələri, quru qoşunları cəlb edilib. Nazirlik rəsmisi Ermənistan tərəfin işğalda saxladığı Azərbaycan ərazilərində mütəmadi olaraq reallaşdırdığı irimiqyaslı hərbi təlimlərə də toxunub: "Hərbi təlim keçirmək o dərəcədə asan məsələ deyil ki, həftədə bir dəfə bunu həyata keçirəsən. Bunun üçün müxtəlif tələblərin yerinə yetirilməsi lazımdır. Ilk növbədə bu prosesin arxasında böyük maliyyə vəsaiti durmalıdır. Ermənilərdə pul hardandır ki, 3-4 gündən bir hərbi təlim keçirsin? Sadəcə olaraq daxili auditoriyaya hesablanmış, oyuncaq xarakteri daşıyan təlimlərlə baş qatırlar".

Gültəkin
AzNews.az