Nazirlər Kabinetindən məcburi köçkünlərə müjdə

13 Fevral 2013 14:33 (UTC+04:00)


Qərara əsasən, "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2014-cü il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, qərarın həmin hissəsində Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2013-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etməsi göstərilib.

Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılıb ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər.

Qərarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minib.