ABŞ-da Azərbaycan və regionun strateji əhəmiyyəti müzakirə edildi - Foto

11 İyul 2017 10:00 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, çoxsaylı düşüncə mərkəzinin əməkdaşları və müxtəlif ekspertlər iştirak edib.

İrs Fondunun vitse-prezidenti Ceyms Karafano tədbirin əhəmiyyətindən danışıb. Ağ Evin Mərkəzi Asiya üzrə direktoru David Qambl regionun əhəmiyyətini qeyd edib və ölkəsinin əməkdaşlığı irəli aparmaqda maraqlı olduğunu bildirib. O, geniş əməkdaşlıq imkanlarından danışaraq, əsasən iki istiqaməti vurğulayıb: təhlükəsizlik və iqtisadi əməkdaşlıq. D. Qambl ABŞ-ın regionla daha çox iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini qeyd edib.

Regionda təhlükəsizlik məsələlərinə həsr olunmuş paneldə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Qazaxıstanın ABŞ-dakı səfiri Erjan Kazıxanov və Özbəkistanın BMT yanında daimi nümayəndəsi Bəxtyar İbragimov danışıblar. Elin Süleymanov Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Reks Tillerson arasında 10 iyul tarixində keçirilmiş görüşü xatırladıb, tərəflər arasında geniş çeşidli məsələlərin, o cümlədən Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin icrasının müzakirə edildiyini deyib, Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu layihənin də müasir İpək Yolunda əlavə bir beynəlxalq enerji magistralı yaratdığını bildirib. E. Süleymanov ABŞ-ı enerji diplomatiyasında, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşdırılmasında daha da fəal səylər göstərməyə çağırıb.

Səfir bu yaxınlarda Azərbaycanın təşəbbüsü ilə altı regional dövlətin Vaşinqtonda təşkilatçılığı ilə keçirilmiş Trans-Xəzər Forumunu qeyd edərək, müstəqillik əldə etdikdən sonra 26 il ərzində bu dövlətlərin birgə əməkdaşlıq etməklə regionu inkişaf etdirdiklərini, enerji və nəqliyyat layihələri həyata keçirməklə həm beynəlxalq inkişafa, həm də regional sülh və rifaha töhfə verdiklərini bildirib.

E. Süleymanov deyib ki, bu yaxınlarda iki yaşlı azərbaycanlı körpə Zəhra Quliyeva və onun nənəsini qətlə yetirən Ermənistan tərəfi belə addımlarıyla nəinki regional sabitliyə zərbə vurur, eyni zamanda öz gələcəyini uçuruma aparır. Səfir ABŞ-ı Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində daha fəal səylər göstərməyə çağırıb.

Səfir E.Süleymanov Azərbaycanda ilk tətbiq olunan, şəffaflığın təmin edilməsində ciddi uğur olan və bütün dünyada təqdir olunan “Asan Xidmət” layihəsinin xidmət göstərmədə vətəndaşlara gətirdiyi rahatlığı vurğulayıb.

AzNews.az