Moldova azərbaycanlıları Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib

11 İyul 2017 13:08 (UTC+04:00)

AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatlarının nümayəndələrinin də qatıldığı aksiya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərə etiraz məqsədilə təşkil edilib.

Aksiyada Ermənistan ordusunun işğalçı siyasətini nümayiş etdirən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayiş etdirib, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

AzNews.az