Fransa azərbaycanlıları Alxanlı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

11 İyul 2017 15:00 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilə məlumata görə, Nant şəhərində yerləşən Türk Mədəniyyət Mərkəzində erməni təxribatına etiraz əlaməti olaraq keçirilən toplantıda Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu vurğulanıb.

Bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir.

Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul edilib. Müraciət BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilib.

Müraciətdə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunması tələb edilib.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

AzNews.az