“Torpaqla bağlı inzibati xətalara görə 1,2 milyon manat cərimə tətbiq edilib” - Kərəm Həsənov

12 İyul 2017 23:42 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bunu Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.


Komitə sədri bildirib ki, torpaqların hərrac və ya müsabiqə yolu ilə hüquqi və fiziki şəxslərə ayrılması məqsədilə bələdiyyələrdən daxil olmuş 3000-dən çox müraciət üzrə 7 min hektar torpaq sahəsinə dair sənədlər torpaqayırma qaydasında hazırlanıb və hərrac və ya müsabiqələr təşkil edilib.

“Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, iri torpaq istifadəçiləri, sahibkarlar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə maarifləndirici işgüzar forumlar keçirilir. Torpaqla bağlı inzibati xətalara görə 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilib və 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib”, - deyə o bildirib.