Paris Sorbon Universitetinin nümayəndələri Qərb Universitetində

15 İyul 2017 09:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Qərb Universiteti və Paris Sorbon Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub, mövcud vəziyyət və perspektivlər nəzərdən keçirilib.

Qeyd edək ki, dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə əməkdaşlıq layihələri həyata keçirən Qərb Universiteti Paris-Sorbon Universiteti ilə də sıx əməkdaşlıq edir. Belə ki, bu ilin əvvəlində Qərb Universitetində Paris-Sorbon Əbu-Dabi Universitetinin (PSUAD) fransız dili təməl mərkəzi fəaliyyətə başlayıb. Qərb Universiteti və Paris-Sorbon Universiteti arasında əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr üçün fransız dili kursları təşkil olunub. Həmin kursları bitirən tələbələr Paris-Sorbon Universitetinin sertifatını əldə edəcəklər. Qərb Universitetinin rektoru Andris Leitas görüşsonrası jurnalistlərə açıqlamasında bildirib ki, bu əməkdaşlıq nəticəsində azərbaycanlı gənclər Fransanın istənilən universitetində təhsillərini davam etdirmək imkanı qazanacaqlar. Fransız dilinin tədris proqramı “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə ümumavropa çərçivə sənədi”nin (CECR) tərkib hissəsidir və fransız dili təməl proqramının tədrisi təkmilləşmiş yüksək ixtisaslı professor heyəti tərəfindən həyata keçirilir. Məlumat üçün bildirək ki, Qərb Universitetinin beynəlxalq əlaqələr şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində bakalavr və magistr kursları, tələbə mübadilə proqramları, müqavilələrin artikulyasiyası və inkişafı və akademik mobillik daxildir. Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar da təqdim edir.

AzNews.az