Lalə Məmmədovanı təhqir etdilər - ''Eybəcərsən, pis gündəsən''

15 İyul 2017 11:35 (UTC+04:00)

Onun izləyiciləri sənətçinin şəkillərinin altından "“Eybəcərsən", "qocalmısan", "nə gündəsən", "pis gündəsən”"- deyə qıcıqdoğuran ifadələr yazıblar.

AzNews.az xəbər verir ki, Lalə Məmmədova onu eybəcər adlandıranlara cavab verib:

“Sözüm şəkillərimin altında “eybəcərsən, qocalmısan, nə gündəsən, pis gündəsən” deyənlərədir. Siz elə düşünün. Ancaq mən sizin bəyənmədiyiniz, eybəcər saydığınız üzü, gözü, donqarlı burnumu sevirəm. Çünki yaradan belə məsləhət gördü. Mən də onu və yaratdıqlarını sevdim. Deyirsiniz qocalmışam? Olsun, təki qocalmaq hamımıza nəsib olsun. Bu günə qədər yaşıma görə heç kompleks keçirmədim. Çünki yaşadığım illəri boşuna keçirmədim. Bu illər ərzində 2 beynəlxalq müsabiqə laureatı oldum, 2 ali təhsil aldım. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi iş yazdım, "Filologiya üzrə fəlsəfə doktoru" adını qazandım. 15 ildir ki, Milli Konservatoriyanın İctimai Elmlər kafedrasının baş müəllimi olaraq tələbələrə ingilis-dili fənnindən dərs deyirəm. Opera və Balet Teatrında "Leyli və Məcnun", "Aşıq Qərib" kimi məsuliyyətli operalarda baş rolları ifa etdim. Bu sadaladıqlarmın içərisində tanrının mənə ən böyük hədiyyəsi övladlarım oldu."

Lalə Məmmədova ünvanına yazılan təhqirli ifadələrdən övladlarının xəbərdar olduğunu deyib:

"Sizi dünyaya gətirib min bir əziyyətlə böyüdüb, boya-başa çatdıran analar kimi mən də bir anayam. Heç düşündünüzmü bu haqda? Axı mənim övladım yazılarınızı oxuyur. Siz öz ananızı pak, müqəddəs gördüyünüz kimi o, da anasını belə çirkin sözlərdən uzaq, ən gözəl, ən saf və mərhəmətli qadın kimi görür. Qəlbə dəyən sözlər yazmağa sərf etdiyiniz vaxtı, qəlbinizi, gözlərinizi pisliklərdən təmizləməyə sərf edin. İnsanın zahirinə deyil, daxilinə, keçdiyi həyat yoluna nəzər salın, sonra qələminizi işə salın. Ən əsası həyatı sevin, mən sevdiyim kimi".

Bahar Rüstəmli

AzNews.az