Yeni standartlar əsasında dərs vəsaitləri hazırlanacaq - DİM

18 İyul 2017 19:09 (UTC+04:00)

AzNews.az DİM-ə istinadən xəbər verir ki, görüşdə sədr Məleykə Abbaszadə qeyd etmişdir ki, artıq 9 ildir ki, Respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Sədr standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanmasının vacibliyini iştirakçıların diqqətinə çatdırmışdır.

İclasda “müəllif qrupları” ilə yeni dərsliklərə uyğun müasir standartlara cavab verən dərs vəsitlərinin hazırlanması, onların strukturu məsələsi geniş müzakirə edilmişdir. İclas iştirakçılarına müxtəlif siniflərdə tədris olunan mövzular üzrə materialların şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılması üçün DİM tərəfindən hazırlanmış “video-dərs” nümunələri təqdim olunmuşdur. Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının əhəmiyyəti və üstünlükləri müəlliflər tərəfindən də qeyd olunmuşdur.

İclasın sonunda “müəllif qrupları” yeni dərs vəsaitlərinin hazırlanması ilə bağlı öz təkliflərini səsləndirmiş və qərara alınmışdır ki, hər bir fənn üzrə ekspertlərin ayrıca görüşləri keçirilsin və yeni tədris standartlarına (kurikuluma) uyğun dərs vəsaitlərinin hazırlanmasına başlanılsın.