Moskvada daha bir “oğru” toplantısı

14 Fevral 2013 10:18 (UTC+04:00)


Fevralın 11-də Moskvada növbəti oğru "sxodka"sı keçirilib. Bu barədə məlumatı "Prestupnaya Rossiya" yayıb. "Sxodka" 3 nəfər taclandırılıb. Ancaq "sxodka"nın əsasında Qela Kardavanın itaətsizliyi ilə bağlı müzakirələr dayanıb. "Qanuni oğru" Eduard Asatryan (Edik Tbilisski) Kardavanın fəaliyyətindən narahatlığını bildirib.

Edikin hazırda oğru aləmində təmizləmə əməliyyatı apardığı söylənilir. Bu zaman isə əsas problem Qela Kardava və onun "oğru" olan qardaşı Qizo ilə bağlı olub. Qizonun adı müxtəlif "sxodka"ların keçirilməsi və sağa-sola "tac paylamaqda" hallandırılır. Asatryanın Kardava qardaşlarını müzakirəyə çağırdığı, ancaq ikincinin bundan yayındığı da xəbərdə yer alıb.

2 fevralda keçirilən "sxodka"nın gedişi də xəbərdə əksini tapıb: "Qela əvvəl daha geniş sxodka tələb edib. Ancaq sonra zəng etmək üçün 5 dəqiqəliyinə çıxıb. Stulda onun gödəkcəsi qalıb, ancaq özü qayıtmayıb. Asatryan 9 fevralda yenidən görüş tələb edib, ancaq Kardava razılaşmayıb".

Oğru aləmində baş verənlərin Ded Xasanın ölümündən sonra nüfuz müharibəsi adlandıran ekspertlərin sözlərinə görə, boş qalan taxtın kimin ələ keçirəcəyi bu mübahisələrin nəticəsindən asılıdır. Taxta iddialılar arasında Miron, Tyurik və Eduard Asatryanın adı daha çox hallandırılır. Asatryan taxta sahib olmaq üçün yoluna maneə ola biləcək hər kəsi təmizləməyə hazırdır. Onun hazırda İspaniyada həbsdə olan Şakro Maladoyla dostluq əlaqələrinin olduğu bildirilir. Asatryan öz klanını formalaşdırmağa çalışır və bu yolda Kardava ilə mübarizədə israrlıdır.

Qeyd edək ki, Edik Tbilisski Ded Xasanın sağlığında ona qarşı fikrini açıq söyləyə bilən yeganə "oğru" kimi tanınır. Yaponçikin ölümünü Ded Xasanla əlaqələndirmək kimi cəsarət göstərən Edik bu fikri ilə özünə böyük Aslan Usoyan kimi böyük düşmən qazanmışdı.

Elnarə
Aznews.az