Prezidentlərin görüşəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi - “Həqiqətə uyğun deyil”

20 İyul 2017 15:28 (UTC+04:00)

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN rəsmi nümayəndəsinin müavini Artyom Kojin bildirib ki, bir müddət əvvəl "İzvestiya" qəzetində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar.

“Biz bu məlumatla tanışıq. Həmin məlumatda prezidentlərin görüşü ilə bağlı qeyri-dəqiqliyə yol verilib. Bu qeyri-dəqiqliyə aydınlıq gətirmək istəyirik. "İzvestiya"da yayılan məlumatda Rusiya XİN-dəki mənbəyə istinadən rəsmi Moskvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi bildirilib. Lakin bu məlumat həqiqətə uyğun deyil.

Belə ki, həmin məlumatda prezidentlərin görüşü barədə təklifin ATƏT xarici işlər nazirlərinin Avstriyada keçirilən iclasında Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə verildiyi bildirilib. Qeyd edim ki, həmin görüşdə heç də adı çəkilən dövlətlərin XİN başçılarının hamısı iştirak etməyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin təşkilatçılığı ilə Brüsseldə görüşüblər. Həmin görüşdə ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi müzakirə olunub. Görüşün yeri isə predmet olaraq müzakirə edilməyib.

Qarabağ münaqişəsinin həssas olduğunu nəzərə alaraq, "İzvestiya" qəzetini bu mövzu ilə bağlı mənbəyə deyil, rəsmi məlumatlara istinad etməyə çağırırıq”, - deyə A. Kojin bildirib.

AzNews.az