Güləş olimpia oyunlarından niyə çıxarıldı?

14 Fevral 2013 12:10 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, "Associated Press"in İOC-dan əldə etdiyi sənədlərdə 2012-ci il London Yay Olimpiya Oyunlarında güləşin telereytinqinin aşağı olması və bu növ üzrə yarışlara baxanların say azlığı göstərilib.

Belə bir qərar London olimpiadasındakı 26 idman növü ilə bağlı İOC Komissiyasının apardığı hərtərəfli təhlil əsasında qəbul olunub. Təhlil 39 meyar, o cümlədən, televiziya reytinqləri, bilet satışları, dopinqlə mübarizə və dünyada populyarlıq üzrə aparılıb. Məruzədə reytinq və ya tövsiyələr yox, yalnız fakt və informasiyalar yer alıb.

Qərarın səbəbləri rəsmən göstərilməyib, lakin İOC sənədləri bu suala müəyyən cavabı verir. Güləş bir neçə texniki meyar üzrə aşağı qiymət alıb. İzləmə sayı 10 ballıq şkala üzrə 5 bal olub. 116854 biletdən cəmi 113851-i satılıb. Televiziya ilə güləşə bir gün ərzində maksimum 58,5 milyon, orta hesabla isə 23 milyon insan baxıb. Habelə, internet və mətbuat vasitəsilə güləş yarışlarının işıqlandırılması aşağı səviyyədə olub.

İOC-dan həmçinin bildirirlər ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) qərarlar qəbul edən mühüm orqanlarında hazırda da idmanla məşğul olanlar, FİLA-nın İcraiyyə Komitəsində isə tibb işçiləri yer almırlar, qadın komissiyası, hakimlər və əməkdaşlar üçün davranış qaydaları yoxdur.

Müasir beşnövçülük də izləmə sayında (5,2 bal) və telereytinqdə (33,5 milyon tamaşaçı, orta hesabla 12,5 milyon tamaşaçı) aşağı qiymət alıb. FİLA-nın tərkibinə 177 milli federasiya daxildirsə, Beynəlxalq Müasir Beşnövçülük İttifaqında 108 ölkə cəmləşib. Lakin digər göstəricilərdəki daha yüksək qiymətlər sayəsində müasir beşnövçülük olimpiada proqramında qala bilib.

Qeyd edək ki, İOC İcraiyyə Komitəsinin mayda Rusiyanın Sankt-Peterburqda keçirəcəyi iclasında güləş və daha 7 namizəd növdən hansının 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmasının münasibliyi açıqlanacaq. Yekun qərar isə İOC-un sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq 125-ci Sessiyasında veriləcək.

AzNews.az