700 bal toplayan abituriyent: "Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”

24 İyul 2017 19:25 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin iyulun 22-də keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək 700 balı toplayan Bakı şəhəri, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova belə deyib.

O bildirib ki, iki il hazırlığa gedib: “Məktəbdə oxuyarkən kimya olimpiadasında final mərhələsinə çıxmışdım. Bilik yarışlarında da iştirak etmişəm. Məktəbi fərqlənmə attestatı ilə bitirmişəm”.

J.Məmmədova iki ixtisas arasında seçim edəcəyini deyib: “Ya proseslərin avtomatlaşdırılması, yaxud da kimya mühəndisliyi ixtisasını seçmək istəyirəm. Hansı ali təhsil müəssisəsini seçəcəyim barədə dəqiq qərarım yoxdur. Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”.

O, həmçinin nəticələri elə indi öyrəndiyini qeyd edib: “Cavabı elə indi öyrənmişəm. Təbii ki, ilk sevincimi də ailəmlə bölüşdüm”.