Baş Prokurorluqdan valideynlərə - Xəbərdarlıq

25 İyul 2017 12:04 (UTC+04:00)

Bu barədə AzNews.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq vəfat etməsi hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.

İyulun 22-də saat 15 radələrində paytaxtın Binəqədi rayonunda 2016-cı il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı anasının nəzarətsizliyi səbəbindən yaşadığı çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib və iyulun 24-də orada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən, azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.