Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər - Poroşenko çağırışlara belə cavab verdi

27 İyul 2017 13:31 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvilinin “Yeni Qüvvələrin Hərəkatı” partiyası bu barədə bəyanat yayıb. Partiya rəhbərliyi qeyd edir ki, Poroşenkonun Gürcüstana səfərinin məqsədi Saakaşvilinin ekstradisiyası ilə bağlı razılığa gəlməkdən ibarətdir.

Gürcüstan hökuməti Saakaşvilinin ölkəyə ekstradisiyasını tələb edir.

“Onun vətəndaşlıqdan çıxarılması Saakaşvilinin birgə fəaliyyətə dair qərargahın yaradılması ilə bağlı Poroşenkoya çağırışlarına cavabdır” – deyə bəyanatda qeyd olunur.

Saakaşvilinin belə bir qərargahın yaradılmasında məqsədi insanları qarşıdakı günlərdə növbədənkənar seçkilərin keçirilməsinə səfərbər etmək olub.

Ötən gün Ukraynanın Miqrasiya Xidməti Açıqlamada Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarıldığına dair məlumat yayıb. Lakin, buna nəyin səbəb olduğu isə qeyd edilməyib.

Poroşenkonun sabiq müttəfiqi olan Saakaşvili hazırda xarici ölkədədir. O, öz hüquqlarını qoruyacağına söz verib. O, 2015-ci ildə Ukrayna vətəndaşlığı əldə edib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin olunub. Lakin, Saakaşvili ötən il vəzifəsindən istefa verib.

Bəxtiyar Abbasov

AzNews.az