Quba-Xaçmaz yolu əsaslı təmir olunur

27 İyul 2017 18:16 (UTC+04:00)

AzNews.az “Azəravtoyol” ASC-ə istinadən xəbər verir ki, avqust ayının ilk günlərindən yolda asfaltlanma işlərinə başlanılacaq. Yeni yol əvvəlkindən həm keyfiyyətinə, həm də ölçülərinə görə seçiləcək.

Ötən əsrin 70-ci illərində salınan 28 kilometrlik yol istismar müddətini başa vurduğundan avtomobillərin hərəkəti üçün ciddi çətinlik yaranıb. Məhz buna görə də “Azəravtoyol” ASC tərəfindən şimal bölgəsinin iki böyük rayonunu birləşdirən, həm də turizm əhəmiyyətli yolun tamamilə əsaslı təmirinə başlanılıb.

İyirmi iki kilometrinə asfalt döşənəcək Quba-Xaçmaz yolunda hazırda təmir işləri sürətlə davam edir. Köhnə asfalt qatı çıxarılaraq, yol yatağının sıradan çıxan hissələri bərpa edilir. Yeni yolun hərəkət hissəsinin eni 7,5 m, yol çiyinləri ilə birlikdə isə 12 m olacaq.

Yolun yenidən qurulması işləri ilin sonunadək başa çatacaq.