AzNews.az Kaspi.az-a istinadən xəbər verir ki, xüsusən də 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edib. Ulu öndər ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Beləliklə, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaranıb. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonra ölkəmizdə mətbuat daha sürətlə inkişaf etməyə başlayıb. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində də mühüm işlər görülüb.
Hazırda Azərbaycanda 5 mindən artıq KİV, o cümlədən yüzlərlə qəzet, jurnal, çoxsaylı televiziya və radio kanalları, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına da səbəb olub, yeni-yeni xəbər portalları, onlayn media qurumları həyata vəsiqə alıb. Ölkə əhalisi arasında internet yayımı 80 faizə çatıb, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyondan çoxdur. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyinin, xüsusən də dövlət başçısının mediaya diqqətlə yanaşdığının, onun azad sözə, azad fikrə geniş imkanlar yaradılmasının tərəfdarı olduğunun göstəricisidir. Lakin əfsuslar olsun ki, bəziləri dövlətin mediaya dəstəyini, ölkə başçısının bu sahəyə həssas yanaşmasını doğru-düzgün qəbul etmir, bunu medianın fəaliyyətinin çərçivəyə salınması, müstəqilliyinin azaldılması kimi anlayırlar. Halbuki, Prezident İlham Əliyev Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün nəzərdə tutulan yaşayış binasının açılış mərasimində çıxış edərək, Azərbaycan jurnalistikasının inkişaf etdiyini, cəmiyyətdə çox müsbət rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır.
Prezident İlham Əliyev bildirib ki, jurnalistlər cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. O, deyib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir. Dövlət başçısı bu mənada jurnalistləri özünün köməkçisi adlandırıb: "Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.