Sabah Gülər Əhmədova ilə görüşəcəklər

14 Fevral 2013 20:53 (UTC+04:00)
Vəkili Gülər Əhmədova ilə sabah görüşəcək. Bu barədə Lent.az-a vəkil Eldar Qədimi bildirib. Sabiq millət vəkilinin hüquqlarını müdafiə edən hüquqşünas qeyd edib ki, G.Əhmədova ilə bu gün görüşmək istəyi baş tutmayıb: "Sabah onunla görüş verəcəklər. Bundan sonra geniş açıqlama da olacaq".

Qeyd edək ki, fevralın 13-də Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədova barəsində istintaq müddətində 2 ay həbs-qətimkan tədbiri seçilib. Səbəb isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı qalmaqallı video və bundan sonra Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə başlanmış cinayət işinin başlanmasıdır. G. Əhmədova cinayət işində təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Onu da qeyd edək ki, Gülər Əhmədova deputat mandatından imtina edib.