Şəhidlərin xatirəsinə həsr olunmuş layihə həyata keçiriləcək

29 İyul 2017 10:24 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə şəhid valideynləri, rayon icra hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Salyan rayon şöbəsinin, təhsil, idman və gənclər idarələrinin, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Salyan şəhidlərinin xatirəsinə şəhərin mərkəzində ucaldılmış xatirə kompleksi önünə və Milli Qəhrəman Nazim Babayevin büstü qarşısına gül dəstələri düzülüb.

Dövlət Rəsm Qalereyasında keçirilən mərasimdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İctimai Birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin məqsəd və vəzifələri, layihə rəhbərinin köməkçisi Nəbi İbrahimov isə həyata keçiriləcək tədbirlər və gözlənilən nəticələr haqqında məlumat veriblər.

Tədbirdə rayon Ağsaqqallar Şurasını sədri Beydulla İmanov, Sarvan kənd sakini Cahangir Qaraşov, Yuxarı Xalac kənd sakini, aprel döyüşlərində şəhid olmuş Rəşid Mehdiyevin atası Rövşən Mehdiyev çıxış edərək, şəhidlərin xatirəsinə həsr olunmuş layihənin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.

Səfərbərlik və Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsinin rəis müavini Tağı Həsənov, Qarabağ müharibəsi veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Arif Əsgərov, Müharibə Veteranları İctimai Birliyinin sədri Vilayət Əsgərov və başqaları çıxış edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş salyanlı gənclərin xatirəsinə həsr olunan tədbirlərin daha məzmunlu keçirilməsi üçün təkliflərini səsləndiriblər.

Üç ay davam edəcək layihə ərzində doğum günləri qeyd ediləcək şəhidlərin ailələrinə baş çəkiləcək, Bakı şəhərində Şəhidlər Xiyabanı ziyarət olunacaq, təhsil müəssisələrində maarifləndirici tədbirlər keçiriləcək, ekoloji tədbirlər, ağacəkmə kampaniyası təşkil ediləcək.

AzNews.az