Qəbələdə “Furioso” kvartetinin kamera konserti keçirilib

30 İyul 2017 19:20 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, hazırda Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan dünya şöhrətli dirijorların, görkəmli musiqiçilərin, bədii kollektivlərin və solistlərin iştirak etdikləri IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi abu-hava hökm sürür.

Bu beynəlxalq musiqi bayramının proqramına uyğun olaraq iyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olub. Bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə pianoda bəstəkar G.Enesku, V.A.Motsart, A.Dvorjak, F.Şopen, K.Debüssinin əsərlərini səsləndirib.

Həmçinin “Furioso” kvartetinin musiqisevərlər üçün konserti də böyük marağa səbəb olub. Məlumat verilib ki, “Furioso” kvarteti Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, professor Nazmiyyə Abbaszadənin rəhbərliyi və tələbələr Süleyman Babakişizadə (violin), Zərifə Alxasova (violin), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel) və Kəmalə Neymanovanın (piano) iştirakı ilə 2011-ci ildən fəaliyyətə başlayıb.