6 günlük körpənin öldürülməsinin dəhşətli təfərrüatları - Uşaq quyuya ölü atılıb?

31 İyul 2017 12:42 (UTC+04:00)

Darquba kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, uşaq öldürülən gecə evdə 6 nəfər adam olub:

“Uşaq quyuya bələkdə atılıb. Yəqin ki, yuxulu vəziyyətdə olub. İndi onun quyuya atılmamışdan əvvəl öldürülüb-öldürülməməsi ekspertiza tərəfindən müəyyən edilir. Hadisə səhər saatlarında baş verib. Valiyyənin yaşadığı evin qapısı seyf olub, onu açmaq bir az çətindi. Düşmənçilik məqsədi ilə heç kim hava açılan saatlarda risk edib o həyətə girməz. Oradan hər tərəf görsənir. Yeganə şübhə odur ki, bunu ailənin içindən birinin etdiyi güman edilir. Valiyyənin anası başqa rayondandır, qaynanası ilə yaxın olub. Uşaq doğulanda qızın anası da onlarda olub. Onlardan başqa qaynanası, həyat yoldaşının bacısı, əri, qardaşı arvadı həmin evdə olub. Və onların olduğu müddətdə uşaq evdən çıxarılıb. Qaynatası isə evdə olmayıb”.

Kənd sakinləri deyir ki, hüquq-mühafizə orqanları gəlib, evdə olan ailə üzvləri və uşağın meyitini quyuda tapan şəxsi şöbəyə aparıblar:

“Onlardan izahat alınıb, buraxılıb. Uşağın atası isə şokdadır, rəngi qapqara qaralıb, heç kimlə danışmır. Onlar sakit ailədir, heç kimlə düşmənçilikləri yoxdur”.

Bahar RÜSTƏMLİ

AzNews.az