Deputatın qardaşı oğluna qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxs şikayətini geri götürüb

31 İyul 2017 14:28 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum E.Əhmədovun ərizəsinin daxil olduğu elan olunub.

Məhkum ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirib. Hakimlər kollegiyası həmin məktubu elan edərək, məhkumun istəyini nəzərə alıblar.

Qeyd edək ki, E.Əhmədov bir qrup şəxslə birlikdə Rəşad Mirələmov arasında 2011-ci ilin noyabr ayından etibarən yaranmış əmlak xarakterli az əhəmiyyətli mübahisəni bəhanə edib. O, R.Mirələmov üzərində üstünlüyünü nümayiş və qəbul etdirmək məqsədi ilə qeyri-qanuni zor hərəkətləri edib.

İttiham aktına əsasən, R.Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürmə cinayəti törətməkdə təqsirli bilinib və məhkum olunub. Bundan 7 il sonra - 6 oktyabr 2011-ci ildə R.Mirələmov Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn R.Mirəlımov orada masa arxasında əyləşən Z.Bağırovu çayxananın arxasına çağırıb.

Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Z.Bağırovun göz və kürək, təpiklə isə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vurub. Ondan T.Həsənova verdiyi borcundan imtina etməsini tələb edib. 2012-ci ilin iyun və iyul aylarında isə R.Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər.

Ondan Həsənov Taleh Zakir oğluna, Əliyev Valeh Müslüm oğluna və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar. Bununla bağlı Firdosi Bağırov Ramal Bayramova və E.Əhmədova müraciət edib.

Buna görə E.Əhmədov 16 iyul 2012-ci il tarixdə R.Mirələmova zəng vurub və Səbail rayonu, Salyan şosesi 32 ünvanında, Şıx çimərliyi ərazisində yerləşən “1001 gecə” istirahət mərkəzində görüşməyi razılaşdırıb.

E.Əhmədov iyulun 17-də, gecə saat 03:00 radələrində əvvəllər tanıdığı R.Bayramov, Səməd Mənsimov, Elnur Qasımov, Elmar Süleymanov, Mübariz Məmmədovdan ibarət bir qrup şəxslə R.Mirələmova qarşı “1001 gecə” istirahət mərkəzinə gedib.

Onlar obyektin normal iş rejimini və orada olan şəxslərin istirahətini pozub, çimərliyə uyğunlaşdırılmış açıq yay köşkündə çay stolu arxasında əyləşmiş R.Mirələmovla qarşılıqlı mübahisəyə giriblər.

E.Əhmədov orada R.Mirələmovun və restoranın xidmət personalının ünvanına ucadan nalayiq ifadələr işlədib. Qarşılıqlı yaranan mübahisə zəminində o, stol üzərində olan stəkanları R.Mirələmova tullayıb.

Həmçinin R.Bayramov zor tətbiq edib yay köşkünün taxta materiallarını qopardıb, dəstə üzvləri R.Mirələmova təpik zərbələri vuraraq, ona xəsarət yetirib.

R.Mirələmov isə həmin zaman özündə olan “Makarov” tipli tapançadan atəş açaraq R.Bayramovu öldürüb, digərlərini isə öldürməyə cəhd edib.

Bu cinayət işi bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində iki icraatda araşdırılıb. R.Bayramovun öldürülməsinə və digərlərinin isə öldürməyə cəhd edilməsinə görə, R.Mirələmov mühakimə olunub. O, ömürlük azadlıqdan məhrum edilib.

R.Mirələmova qarşı xuliqanlıq etməkdə təqsirləndirilən Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi isə ayrıca icraatda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

E.Əhmədov isə istintaqdan yayındığı üçün barəsində axtarış elan edib. O, 2015-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

E.Əhmədov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham edilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə E.Əhmədov 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bu hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib. Prokurorluq protestində E.Əhmədovun cəzasının ağırlaşdırılmasını istəyib.
Prokurorluğun protestinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilib. Yeni hökmə əsasən, E.Əhmədovun cəzası 3 il müddətinə qədər ağırlaşdırılıb.

Bu qərardan E.Əhmədovun vəkili kassasiya şikayəti verib və müdafiə etdiyi şəxsin cəzasının azaldılmasını xahiş edib.

Xatırladaq ki, R.Mirələmov Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.